Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

TARİXİ MEMARLIQ ABİDƏLƏRİ

Rayonda ən qədim tarixi memarlıq abidəsi «Baba Sammit» türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru məşhədi Nemət xanım araşdırmalar aparmış və türbənin kitabəsini oxuyaraq açıqlamalar vermişdir. Alim «Əsrlərin daş yaddaşı» və «Azərbaycanda pirlər» adlı kitabında maraqlı fikirlər irəli sürmüşdür.
Türbə haqqında yazılı məlumat və fotoşəkillər məlumata əlavə olunur.

«Köhnə hamam» adı ilə tanınan memarlıq abidəsi Fizuli küçəsi, 27 – də yerləşir. Bina 1901-ci ildə inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var.

Abidənin fotoşəkilləri məlumata əlavə olunur.
«Şamaxı məscidi» adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilmişdir.
Məscidin fotoşəkli məlumata əlavə olunur.
Qalaqayın kənd məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.
Məscidin və kitabələrin fotoşəkilləri məlumata əlavə olunur.

ƏFSANƏLƏR

Əfsanəyə görə Həzrəti Əli (ə)-ın yolu Cavad kəndindən keçir və o yolüstü süfrə açıb nahar edir. Süfrəsini bu yerlərə səpdiyi üçün indi də Cavadda bu yerlər «süfrə çala» kimi qalmaqdadır. Bu yerlərin ruzi-bərəkətli olmasını da bu əfsanə ilə bağlayırlar.

TARİXİ FAKTLAR

1. «13 yanvar 1148/1736/-jı ildə Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada Persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148 /1738/ cı ildə şah elan edildi». 1747-ci ildə isə şah üsul idarəsi süquta uğradı.

A.Bakıxanov
/ A.Bakıxanov «Bakı xanlığının tarixindən»
Bakı 1983. Səh 165

2. 1606-cı ildə şah Abbas Azərbaycandan Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığında bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək şah heç bir yüksüz Şamaxıya tərəf irəlilədi.

3. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirlə, qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi.

/ A.Bakıxanov «Gülüstani İrəm»
Bakı 1991. Səh 114, 118
4. Şirvandan hərəkət edərək Teymur Kür çayının sahilinə gələrək buranı ordugah etdi. O, Şeyx İbrahimə hökmdar geyimi təltif etdi. Burada bir neçə gün xoşbəxtlik taxt-tacında eyş-işrətlə məşğul oldu.

Nizam əd-Din Şami XV əsr.
/ Qızıl orda tarixinə aid sənədlər toplusu»
P.M-L.1941. S.124

5. Mukan əhalisi bunu Muğan kimi tələffüz edir. Ərəb sözü deyil.
Mukan–çoxlu kəndi və otlağı olan bir vilayətdir.
Bura öz sürülərini otaran türkmənlər məskunlaşmışdır və türkmənlər əhalinin çox hissəsini təşkil edir.
Yaqut əl-həmavi XIII əsr.
(«Mujam əl-Buldan» Bakı 1983. Səh 20)

SƏNƏTKARLIQ

Sabirabadın ən qədim yaşayış məskənlərindən biri Cavad kəndidir. Adı XVI əsr mənbələrində çəkilsə də arxeoloji tədqiqatlar təsdiq edir ki, kəndin əsası daha 500-il əvvəl XI əsrdə qoyulmuşdur. Buradan böyük ticarət və karvan yolları keçmişdir. XVII əsrdə Nadir şahın və onunla birgə farsların ağalığı tənəzzülə uğradıqdan sonra Kür, Araz çaylarının ərazisi və digər ərazilərdə böyük və kiçik xanlıqlar yarandı. Kiçik xanlıqların içərisində Cavad xanlığı diqqəti cəlb edir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Cavad kəndi qəza kimi fəaliyyət göstərdiyi dövrdə maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali qustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular.
Muğan bölgəsində yaşayan Sabirabad əhalisinin məşğuliyyətini əks etdirən materiallar rayonun tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.
Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir.

Bu sahələri əks etdirən fotoşəkillər məlumata əlavə olunur.

K U L İ N A R İ Y A

Bu gün Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur. Hətta onun qabığından belə mürəbbə bişirirlər. Qarpız çox yeyilən həm də müalicəvi məhsuldur.
Məclislərdə və evlərdə ən çox bişirilən ət yeməkləri piti, qovurma, dolma, çığırtma, cız-bız, kabab, bozartma, kələfur və s. lobyalı, balqabaqlı plov, qaralı aş, tutmac, kəsmə əriştə, ovduğ, dovğa, ayran, təndir çörəyi, lavaş, fətir rayonun mili kulinariyasının əsasını təşkil edir.
Qış aylarında müxtəlif turşular, şorabalar da qoyulur, tut və qarpızdan doşab və bəhməz hazırlanır.
Bu sahələri əks etdirən fotoşəkillər məlumata əlavə olunur.

XINAYAXDI

Oğlan toyndan bir gün əvvəl bəy evindən olan qız-gəlinlər xınayaxdı mərasimini keçirtmək üçün axşamüstü qız evinə yollanırlar. Əvvəlcədən qız üçün göndərilmiş xına bir qabda isladılır. Süfrə başına toplaşan qız və gəlinlər yeyib-içdikdən sonra hənayaxma mərasimi başlayır.
İsladılmış xınanı gəlinin əlinə, ayağına və başına yaxır, sonra isə mərasimə toplaşanlara da təklif olunur. Gəlinin başına örpək örtülür və onun başı üstünə qaldırdığı xınadan gözü bağlı bir oğlan uşağı götürüb hər hansı bir qızın üstünə yaxır. Deyimlərə görə bu qızı da tezliklə nişan mərasimi gözləyir.


GƏLİN KÖÇÜRMƏ VƏ BƏY ÇIXARMA

Oğlan evində həyətlərin birində gəlin maşını bəzənir. Ona xalat bağlayırlar. Digər maşınlara da xalat bağlanılır. Həyətdə qurulmuş çadırda toy mərasimi bir qədər davam etikdən sonra gəlini gətirmək üçün hazırlıq görülür. Bir neçə ağsaqqallar, ağbirçəklər, bəyin yaxınları, qız və gəlinlər maşınlara oturub musiqi sədaları altında qız evinə yollanırlar.

Oğlan evinin adamları vağzalı sədaları altında qız evinə gəlir və həyətdə musiqiçilər çalır, oynayır, pul (şabaş) xərcləyirlər. Evdə isə gəlini öz yaxını lampa başına fırladır, gəlinin belini isə bəyin yaxınlarından biri qırmızı lentlə bağlayır, üzünə qırmızı örpək salıb və gəlinin başına baş bəzəyi üçün pul qoyub bu sözləri yeddi dəfə təkrar edirlər.

Anam bacım qız gəlin
Əli-ayağı düz gəlin
Yeddi oğul istərəm
Bircə dənə qız gəlin

Bu sözlər deyildikcə lent açılıb bağlanır. Mərasim başa çatır. Ata qızına öyüd-nəsihət verir. Suyun sərin, çörəyin bişmiş olsun. Ruzun bol, ocağın isti olsun. Allah səni xoşbəxt eləsin, oğullu-qızlı olasan, getdiyin yerdən yarıyısan, qayınatan atan, qayınanan isə anan olsun. Sən də bu evin yox, o evin qızı olasan.
Şamlar və güzgü də gəlinlə birlikdə oğlan evinə aparılır. Qız evində güzgüyə xələt alınmışsa həmin güzgüyə oğlan evində də yenidən güzgünü aparan şəxsə xələt verilir. Yol boyu gəlin maşınının qabağını kəsmək üçün uşaqlar ip çəkərək maşınların qabağını kəsib onlardan xələt istəyirlər. Bu yol boyu bir neçə dəfə təkrar olunur. Gəlin maşını oğlan evinə çatarkən maşının üstünə şirin noğul və konfet səpilir. Oraya toplanan uşaqlar şirniyyatları yığaraq sevinirlər. Gəlinin və bəyin başı üzərində ruzilərinin bol olmasına görə duz-çörək kəsilir. Gəlin öz otağına çatmamış bir qaba doldurulmuş suyu dağıdır və bir boşqab sındırır. Bəzən də gəlinin ayağı altında qurban kəsilir və onun qanından gəlinin alnına sürtürlər. Bəzən gəlini otuzdurmaq üçün ya qayınanası və ya qayınatası ona qiymətli hədiyyə verir.
Çadırda başlayan toy axşamüstünə qədər davam edir və qız evinin adamları bəy çıxartmaq mərasimi üçün hazırlıq işləri görürlər. Bəyin stolunu bəzəyir, sağdış, solduş və bəy üçün gətirilmiş hədiyyələri onlar üçün qoyur. Bəy digər məhəllədən və qonşu evdən musiqi sədaları altında çadıra gətirilir və öz yerində əyləşdirilir. Əvvəlcə qız evnin adamları bəyin qarşısında oynayır və xələtlik parçaları onların boynuna dolayırlar.

M İ L L İ G E Y İ M L Ə R

Ötən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər.
Kişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.
Bunları əks etdirən fotoşəkillər məlumata əlavə olunur.
 

MİLLİ FOLKLORUMUZ

Sabirabadda yerli əhali ilə yanaşı Mexseti türkləri və ermənistan torpaqlarından qovulmuş soydaşlarımız da yaşayır. Onların adət-ənənələri artıq el-oba arasında kütləvi hal almışdır. Türk folklor ansamblı rayonun ictimai tədbirlərində həmişə yaxından iştirak edir. Rayonda Dönüş, Qulami Quliyev adına Xalq Çalğı Alətləri Ansamblı və Ailə ansamblı fəaliyyət göstərir.
Bunları əks etdirən fotoşəkillər məlumata əlavə olunur.

BABA SAMİD TÜRBƏSİ XVI ƏSR ABİDƏSİ

Türbə Sabirabad rayon Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbayjan Tarix inistitunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılmışdır. 4-5-ci sətrlər Həzrəti Əlinin tərifinə həsr olunmuş, qalan 4 sətrdə türbənin səfəvi padşahı birinci şah Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xanın əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında (XI-1585-ci miladi ili) «xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid «böyük» mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur» sözləri yazılmışdır. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (765-818-ci illərdə yaşayıb) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir.

MARAQLI GUŞƏLƏR, MƏNZƏRƏLƏR.

Qədim Azərbaycanın bərəkətli torpaqları olan Şirvanla Muğanı birləşdirən Kür çayı ilə həsrət, ayrılıq simvolu olmuş Araz çayı Sabirabadda bir-birinə qovuşur. Bu yer «SUQOVUŞAN» adlanır. Rayonun ən böyük kəndlərindən biri və rayonda çıxan qəzet bu adı daşıyır. Şəhərin mərkəzində Kür-Araz mehmanxana kompleksi və şadlıq sarayı fəaliyyət göstərir. Kür çayının öz məcrasını dəyişməsi nəticəsində rayon ərazisində bir çox göllər, o cümlədən Sarısu gölü yaranmışdır.
Buna aid fotoşəkillər də məlumata əlavə olunur.

MEŞƏLİKLƏR

Sabirabad rayonun 3287 ha meşə fondu torpaqları vardır. Bulduq, Həşimxanlı, Kürkəndi, Ətcələr, Axtaçı, Qaratoğay, Güdəcühür, Şıxsalahlı, Salmanlı, Polatdoğay kəndlərindəki meşəliklərdə qovaq, söyüd, tut, iydə, ağcaqayın, şeytan ağacı, göyrük ağacları üstünlük təşkil edir.
Meşəlikləri əks etdirən fotoşəkillər məlumata əlavə olunur.
 

Keçidlər