Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabadda bir sıra tədbirlərdə iştirak edib

08 aprel 2022 | 16:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad rayonuna səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib. Belə ki, nazir Rəşad Nəbiyev Sabirabadda şəhid və qazi ailələrini ziyarət edib və şəhid Asim Əliyevin ailə üzvləri ilə görüşüb. Görüşdə şəhidlə bağlı xatirələrdən, onun Vətən müharibəsində göstərdiyi şücaətdən danışılıb. Rəşad Nəbiyev, həmçinin qazi Tural Qəhrəmanovun evində qonaq olub. Nazir şəhid və qazi ailələrinin qayğıları ilə yaxından maraqlanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hər iki ailəyə hədiyyələr təqdim edilib.

Daha sonra Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin üzvü Kamal Cəfərovla birlikdə “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimat mərasimində iştirak edib. Təqdimatda qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi sabirabadlı gənclərdə rəqəmsal bacarıqların formalaşdırılması və artırılmasına töhfə verməkdir. Bildirilib ki, proqram çərçivəsində pilot olaraq 10 gənc seçiləcək və onlara proqramlaşdırma, dizayn və digər sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Təlimlər Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında keçiriləcək.

Eyni zamanda nazir Rəşad Nəbiyev Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı və İmişli rayonlarında yaşayan, yeni texnologiyalara maraq göstərən gənclərlə görüş keçirib. Görüş zamanı ölkəmizdə innovasiyalar və rəqəmsallaşma sahəsinin inkişafı məsələləri müzakirə edilib. Rəşad Nəbiyev gənclərin fikirləri ilə tanış olub, onlarla rəqəmsal bacarıqların artırılması yolları barədə fikir mübadiləsi aparıb.

Sonda Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nazirliyin Sabirabad, Saatlı və İmişli rayonlarında yerləşən tabeli qurumlarının rəhbər şəxsləri ilə zona müşavirəsi keçirib. Müşavirədə mövcud duruma, islahatlara, çatışmazlıqlara və vətəndaş müraciətlərinə dair müzakirələr aparılıb.Vətəndaş məmnunluğunun təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Keçidlər