Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

08 mart 2022 | 16:00

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.

Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər ölkələrin qadınlarının öz həmrəylik gününü məhz bu tarixdə qeyd etməsindən sonra ənənə halını aldı.

Həmin vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda savaşda canlarından keçən qəhrəmanlar nəslini yetişdirmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar. Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri var.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlət başçımızın ən yaxın silahdaşı olaraq dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim etmiş, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin, ölkəmizin ictimai-siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzmkar fəaliyyəti ilə хalqımızın böyük rəğbətini qazanmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Sabirabad Rayon İcra Hakimiyyəti Azərbaycan qadınlarını təbrik edir, onlara səadət, cansağlığı arzulayır!

Keçidlər