Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir

31 mart 2018 | 16:00

Martın 31-də Sabirabad şəhərində yerləşən Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında «31 Mart-Azərbaycanlıarın Soyqırımı günü» münasibətilə ümumrayon anım mərasimi keçirilmişdir. Mərasim iştirakçıları öncə abidəni ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbir iştirakçılarına müraciət edərək xalqımızın başına gətirilən müsibətlərdən, erməni cəlladlarının törətdikləri vəhşiliklərdən ətraflı danışmışdır. O qeyd etmişdir ki, xalqımıza qarşı həyata keçirilən soyqırımlar yalnız ötən əsrin sonunda ümummilli lider Heydər Əliyev tərəfindən tarixi fərmanla siyasi-hüquqi qiymətini almışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. 1905-1918-ci illərdə erməni quldurlarının törətdikləri qanlı hadisələr, talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın öz dədə-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Ermənistanda, Dağlıq Qarabağda və onun ətraf rayonlarında həmvətənlərimizin başına gətirilən vəhşiliklər və əzəli torpağımız olan Qarabağın işğal edilməsi xalqımıza qarşı məkrli erməni siyasətinin qanlı səhifələridir. Tarixi mənbələrdən məlumdur ki, son 200 il ərzində bir milyondan artıq azərbaycanlı erməni millətçiləri və onların havadarları tərəfindən qətlə yetirilmişdir. 1918-ci ilin martında erməni daşnakları Bakıda və Azərbaycanın digər yerlərində qırğınlar törətmişlər. Təkcə Bakıda və onun ətraf kəndlərində 30 min nəfər azərbaycanlı, digər ərazilər də daxil olmaqla bütövlükdə 50 min nəfərə yaxın soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. Bunların xeyli hissəsi uşaq, qadın və qocalar olmuşdur. Erməni silahlı qüvvələri Azərbaycanın digər yerlərində də qırğınlar törətmişlər. Şamaxıda, Qubada, digər yerlərdə bir sıra kəndlər yerlə-yeksan edilmişdir. Minlərlə adam öldürülmüşdür. Qubadakı kütləvi məzarlıq, Xocalı faciəsi ermənilərin və onların əlaltılarının xalqımıza qarşı yeritdikləri soyqırım siyasətini bir daha təsdiqləyir. Ermənilərin tarixi cinayətlərinin, onların işğalçılıq, soyqırım etnik-təmizləmə siyasətinin bütün dünyaya bəyan edilməsinin müstəsna əhəmiyyəti vardır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük iş görür. Biz ermənilərin tarixi cinayətlərini unutmamalı, onları gələcək nəslə çatdırılmalıyıq.

Çıxışının sonunda rayon İcra Hakimiyyətinin başçısı soyqırım qurbanlarına, şəhidlərə Allahdan rəhmət diləmişdir.

Keçidlər