Şriftin ölçüsü :

Saytın rəngi :

Türkədi kəndində qaz sevinci

17 noyabr 2016 | 16:00

Noyabrın 17-də Türkədi kəndində böyük izdiham var idi. Bu heç də səbəbsiz deyildi. Həmin gün kəndə təbii qazın verilməsi ilə bağlı tədbir keçirilirdi.
Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Salyan Regional Qaz İstismarı İdarəsi təmsilçilərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq əlamətdar gün münasibətilə təbriklərini çatdırmış, xoş arzularını bildirmişdir. O qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın hər yerində olduğu kimi, regionlarda da iqtisadi inkişaf uğurla davam etdirilir. Bu gün kəndlərimizin qazlaşdırılması da həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Bütün bunlar isə əhalinin sosial durumunun yaxşılaşdırılmasına xidmət edir. Üç il bundan əvvəl ölkə Prezidenti cənab İlham Əliyev Sabirabadda olarkən rayon mərkəzinin 85 faizi qazlaşdırılmışdı. 74 kənddən cəmi 3-nə qaz gəlirdi. Ötən müddət ərzində artıq rayon mərkəzi tam qazlaşdırılmışdır. Türkədi kəndi də daxil olmaqla artıq 56 kəndə təbii qaz verilmişdir. 4 kənddə iş tamamlanmaq üzrədir. Qalan 14 kənddə də qazlaşma işləri aparılır. Bir sözlə, digər kəndlərə də qaz veriləcəkdir.
Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi  Kamil İsayev çıxış edərək  kəndlərin qazlaşdırılması istiqamətində görülmüş və görüləcək işlərdən danışmışdır.
Kənd sakinlərindən Rabil Cəfərov və Mehman Məmmədov çıxış edərək bildirmişlər ki, bu gün sevincimizin həddi-hüdudu yoxdur. Sevinirik ona görə ki, kəndimizin sosial vəziyyəti getdikcə yaxşılaşır. Bu gün kəndimizə təbii qazın verilməsi digər sevinclərimizə də fərəh qatdı. Bütün bunlara, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, qazın çəkilməsində xidmətləri olan hər kəsə minnətdarlığımızı bildiririk.
Alqış sədaları altında «mavi alov» şölələnmişdir.
Tədbir iştirakçıları kənd sakini Nadir Abasovun evində təbii qazın verilməsi ilə əlaqədar  ailənin sevincinə şərik çıxmışlar.
Tədbirin sonunda ölkə Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından minnətdarlıq teleqramı  ünvanlanmışdır.

Keçidlər