«2014-cü ilin 9 ayında Sabirabad rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə» hesabat yığıncağı keçirilmişdir
Oktyabrın 16-da rayonun Heydər Əliyev Mərkəzində «2014-cü ilin 9 ayında Sabirabad rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə» hesabat yığıncağı keçirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mətbuat nümayəndələri dəvət edilmişlər. Hesabat məruzəsi ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış etmişdir. Məruzədə 9 ayın yekunu geniş təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, Respublikamızda olduğu kimi Sabirabad rayonunda da ötən 9 ay ərzində bütün sahələrdə inkişafa nail olunmuş, sosial-infrastruktur layihələrin həyata keçirilməsi davam etdirilmişdir.
Əhalinin məşqulluğunu təmin etmək məqsədilə yeni iş yerlərinin açılması sahəsində həyata keçirilən tədbirlər nəticəsində cari ilin 9 ayında 51 yeni müəssisə yaradılmış, 780 yeni iş yeri açılmışdır ki, bunun da 699-u daimi, 81-i isə müvəqqəti iş yerləridir.
Rayonda abadlıq-quruculuq işləri davam etdirilir. Mərkəzi Rayon Xəstəxanası üçün 205 çarpayılıq yeni xəstəxana binası tikilir. Rayon Mədəniyyət sarayı, Nəriman Nərimanov adına şəhər 2 saylı, Çöl Beşdəli kənd tam orta məktəbləri əsaslı təmir olunur. Moranlı və Yaxa Dəllək tam orta məktəblərinin tikintisi üçün hazırlıq gedir. Heydər Əliyev Fondunun dəstəyi ilə rayon mərkəzində 100 yerlik uşaq bağçasında son tamamlama işləri aparılır. Əhalinin sosial problemlərinin həlli, o cümlədən vətəndaşlara geniş çeşidli xidmətlərin göstərilməsi, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş - dövlət münasibətlərində şəffaflığın təmin edilməsi məqsədilə ölkə başçısının tapşırığı ilə rayon mərkəzində “ASAN xidmət” üçün müasir tələblərə cavab verən dördmərtəbəli inzibati bina inşa edilir.
Məruzə ətrafında çıxışlar olmuş, məlumatlar dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov yığıncağa yekun vuraraq Azərbaycan Respublikasının Nazirlər Kabinetində keçirilən iclasda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində bütün imkanlardan istifadə olunacağını bildirmişdir.