Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təsis edilməsinin 33 illiyi ilə əlaqədar konfrans keçirildi
Sabirabad rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təsis edilməsinin 33 illiyi qeyd edilmişdir. Konfransa başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunmuşdur.
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmişdir.
Daha sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və partiyanın ötən müddət ərzində vəfat etmiş üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən YAP Sabiradad rayon təşkilatının sədri Varis Rüstəmov tədbir iştirakçılarını rayon təşkilatının təsis olunmasının 33-cü il dönümü ilə bağlı səmimi qəlbdən təbrik edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Naxçıvanda təsis olunduqdan sonra, Partiyanın yerlərdə təşkilatlanma çağırışına Sabirabad rayonu ilk səs verənlərdən oldu. Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Respublikada ikinci rayon oldu ki, 16 yanvar 1993-cü il tarixdə 256 nəfər YAP üzvü ilə öz təsis konfransını keçirtdi. Bu təsis konfransdan dərhal sonra rayon əhalisinin partiya sıralarına üzv olmaq axını başlandı. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası rayon təşkilatının nəzdində YAP üzvlərinin sayı 256 nəfərdən 2280 nəfərə qədər artdı.Partiyanın qısa müddətdə bu cür boy artımı Sabirabad əhalisinin Ulu Öndər Heydər Əliyevə olan böyük inam və sevgisindən irəli gəlirdi. Daha sonra natiq öz çıxışında qeyd etmişdir ki, təşkilatımız həmişə olduğu kimi bu gündə öz fəaliyyətini Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, partiyamızın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, cənab Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində qazandığı uğurların təbliği və gənc nəslə çatdırılması üzərində qurur.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək YAP rayon təşkilatının keçdiyi yola nəzər saldı. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoyduğunu bildirdi. Partiyanın rayon təşkilatının üzvlərinə uğurlar arzulayan Həsən Həsənov rayon təşkilatının təsis olunmasının 33-cü il dönümü ilə bağlı konfrans iştirakçılarını təbrik etdi.
Çıxışına təbrik nitqi ilə başlayan partiya veteranı Məhərrəm Məhərrəmov rayon təşkilatının yarandığı şəraiti təhlil etdi. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin siyasi sisteminin inkişafındakı töhfələrindən, xalqımızın xoşbəxtliyi naminə həyata keçirdikləri layihələrdən söz açdı. Natiq çıxışının sonunda YAP rayon təşkilatının üzvlərinə uğurlar arzuladı.
Daha sonra tədbir iştirakçılarından Əhəd Şükürov və Murad Həsənli çıxış edərək Partiyanın rayon təşkilatının keçdiyi fəaliyyət yolu barədə xatirələrini bölüşdülər. Çıxış edənlər konfrans iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik etdilər.
Tədirin sonunda rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya üzvünə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himni sədası ilə sona çatdı.






