Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Sabirabadda silsilə tədbirlər keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, o cümlədən Mil-Mugan Regional Gənclər və İdman, Təhsil, Mədəmiyyət İdarələrində, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında, Sabirabad Dövlət Sosial-İqdisadi Kollecində, Sabirabad Peşə Liseyində və digər dövlət və özəl təşkilatlarda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş müxtəlif tədbirlər keçirilib.
Anım tədbirlərində Sabirabad Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, müharibə əlilləri və veteranları, gənclərin və ictimaiyyətin nümayəndələri, rayonda məskunlaşmış Xocalı şəhərinin sakinləri iştirak ediblər.
Tədbirlərdə 1992-ci il fevralın 26-da erməni vandalizmi nəticəsində həlak olmuş 613 dinc sakinin, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar və videoçarxlar nümayiş olunub, idman yarışları təşkil edilib. Mədəniyyət müəssisələrində “Xocalı –yaddaşımızın qan yarası” mövzusunda sərgilər yaradılıb, yığıncaqlar keçirilib.
Qeyd olunub ki, bu gün biz yalnız xatirələri yad etmir, həm də gələcək nəsillərə tarixi ədaləti, vətənpərvərliyi və birliyi aşılayırıq. Xocalı – bizim qan yaddaşımız, milli qürurumuz və əbədi həqiqətimizdir!
Daha sonra Bakı vaxtı ilə saat 17:00-da Respublikamızın bütün bölgələrində olduğu kimi Sabirabad rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






