Xocalı soyqırımı qurbanlarının xatirəsi Sabirabad rayonunda dərin kədər hissi ilə yad edilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbiri giriş sözü ilə açdıqdan sonra faciə qurbanlarının və Vətənimizin azadlığı, müstəqilliyi, suverinliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbəri Xocalı soyqırımı barədə ətraflı məlumat vermiş, erməni cəlladlarının törətdikləri vəhşilikləri pisləmişdir. Qeyd etmişdir ki, Ermənistanın silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının yaxından köməyi, xarici ölkələrdən gələn erməni yaraqlılarının iştirakı ilə köməksiz insanlara qəflətən hücum etmişlər. Bu soyqırım nəticəsində həmin gecə Xocalıda 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insanlar olmuşlar. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 1275 nəfər əsir götürülmüşdür. Həmin adamlardan 150-sinin taleyi hələ də məlum deyil. Təəssüf ki, tarixin ən dəhşətli bir qırğınının baş verdiyi dövrdə Azərbaycanda hakimiyyətdəki rəhbərlər, eləcə də müxalifətçi qüvvələr bu faciəyə lazımi münasibət bildirməmişlər. Hər bir vətəndaşının müdafiəsini təmin etməyə borclu olan respublikanın o zamankı rəhbərliyi tam fəaliyyətsizlik, xalqın taleyinə biganəlik göstərmiş, onların köməyinə yetməmiş, dünya ictimaiyyətini vaxtında məlumatlandırmamışlar.
Xocalı soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmaq yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə gəldikdən sonra mümkün olmuşdur. Azərbaycanın həm daxili, həm də xarici siyasətində, diplomatik münasibətlərin qurulmasında Xocalı soyqırımına munasibət mühüm yer tutmuşdur. Ulu öndərin müəyyən etdiyi bu xətt artıq beynəlxalq aləmdə nüfuzlu bir siyasətçi kimi tanınan Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində də diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri, xüsusilə «Xocalıya ədalət!» beynəlxalq kampaniyasının uğurları barədə geniş danışmaq olar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən «Xocalıya ədalət!» kampaniyası hazırda 80-dən çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilir. Görülən məqsədyönlü tədbirlər sayəsində dünyanın on ölkəsinin parlamenti bu qətliamı «Xocalı soyqırımı» kimi qəbul etmişdir.
2020-ci il 2-ci Qarabağ Müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
Tədbirdə çıxış edən digər natiqlər qeyd etmişlər ki, Xocalı qətliamı erməni xislətinin, erməni vandalizmin nümunəsi olmaqla bərabər, Azərbaycan xalqının qan yaddaşıdır. İllər ötsə də, əsrlər keçsə də o qətliamda şəhid edilmiş məsum körpələrin, günahsız insanların faciəsi unudulmayacaq. Bu vəhşiliyə imza atanların və onu icra edənlərin vicdanı isə günahsız insanların qanı ilə ləkələnmişdir. Tarix heç nəyi unutmur. Əli və ruhu qana batmış cəlladlara qarşı bəşəri nifrət də unudulmayacaq və onlar daim lənətlə yad ediləcəkdir.
Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik!