“Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi çərçivəsində Sabirabad rayonunda konsert keçirilib
Sabirabad rayon Mədəniyyət Mərkəzində “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən icra olunan “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi çərçivəsində növbəti ədəbi-bədii konsert tədbiri keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Tədbirin aparıcısı – “Dədə Ələsgər Ocağı” İB-nin idarə heyətinin üzvü Taleh Əliyev tədbiri açaraq, layihənin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat verdi. Qeyd olundu ki, layihənin əsas məqsədi Qərbi Azərbaycandan – o cümlədən Göyçə mahalından olan saz-söz ustadlarının irsini təbliğ etmək, bu bölgənin mədəni-mənəvi yaddaşını qorumaq, ictimai şüurda Qayıdış ideyasını gücləndirməkdir.
Konsert proqramı şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca “Qərbi Azərbaycan həqiqətləri” adlı videoçarx nümayiş etdirildi.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək qeyd etdi ki, tədbirin iştirakçılarının böyük əksəriyyəti Sabirabad rayonunda məskunlaşmış Qərbi Azərbaycan köçkünləridir. O vurğuladı ki, bu cür layihələr tariximizi unutmamaq, milli yaddaşımızı yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri Xətai Ələsgərli çıxışında bildirib ki, bu layihənin əsas məqsədi saz-söz sənətində müstəsna yeri olan Göyçə aşıq mühitini yaşatmaq, Aşıq Ələsgərin poetik irsini yeni nəsillərə çatdırmaq və Qərbi Azərbaycanın mədəni yaddaşını gücləndirməkdir. O əlavə edib ki, “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi yalnız ədəbi deyil, həm də ideoloji və mənəvi yük daşıyan fəaliyyət proqramıdır.
Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İbadulla Ağayev çıxışında Qərbi Azərbaycanın tarix boyu Azərbaycan xalqının əzəli torpaqları olduğunu diqqətə çatdırdı və bu torpaqlara qayıdışın ədalətin bərpası olduğunu vurğuladı.
Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, Əhməd Cavad Mükafatı laureatı şair-publisist Ramiz Qusarçaylı isə qeyd etdi ki, ədəbiyyat, poeziya və aşıq sənəti Qərbi Azərbaycan yaddaşının qorunmasında və nəsildən-nəslə ötürülməsində mühüm vasitədir. O, bu cür tədbirlərin regionlarda keçirilməsinin həm maarifləndirici, həm də mədəni əhəmiyyəti olduğunu dedi.
Konsert proqramında aşıq sənətimizin tanınmış nümayəndələrinin çıxışları tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılandı. Səhnədə Əməkdar mədəniyyət işçisi Aşıq Bəhmən Göyçəli, Aşıq Həqiqət Şınıxlı, Aşıq Fikrət Borçalı, xanəndə Rəşad İdrisoğlu, Aşıq Dərya Mərdanzadə və Aşıq İlqar Qələmçəli öz ifaları ilə Göyçə elinin saz-söz ab-havasını Sabirabada gətirdilər.






