“Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi soyqırımı kimi qiymətləndirməsi” mövzusunda dəyirmi masa
Sabirabad rayon Heydər Əliyev Mərkəzində XX əsrin ən dəhşətli faciəsi olan Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar "Ümummilli Lider Heydər Əliyev Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı tarixi soyqırımı kimi qiymətləndirməsi" adlı anım tədbiri keçirilib.
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində baş vermiş faciənin canlı şahidi, məcburi köçkün Afrail İsgəndərov, Sabirabad rayon Mərkəzi Kitabxana Sisteminin rəhbərliyi, eləcədə, şəhər və kənd əməkdaşları, S.Vurğun adına şəhər 3 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
İlk öncə Xocalı qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə çıxış edərək bildirib ki, Xocalı Soyqırımına siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi: Xocalı Soyqırımı - insanlığa qarşı cinayət, Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş təzahürüdür.
Məhz Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı Soyqırımına dövlət səviyyəsində münasibət bildirildi və Ulu Öndərin rəhbərliyi ilə bu faciəyə düzgün siyasi-hüquqi qiymət verildi, bu dəhşətli hadisənin səbəbkarları və iştirakçıları aydın şəkildə göstərildi. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Qarabağı, doğma torpaqlarımızı erməni işğalından azad etdi.
Xocalı şəhərindən məcburi köçkün Afrail İsgəndərov bildirib ki, 1989-cu ildə onun ailəsi Özbəkistandan Xocalı şəhərinə pənah gətiriblər. O qanlı faciə günü ermənilər ailəsini əsir almış, işgəncələrə məruz qalmışlar.
Afrail İsgəndərov həmin gecə ermənilər tərəfindən xalqımıza qarşı törədilən vəhşilikdən danışdı. Təsadüf və əsirlərin dəyişməsi nəticəsində ailəsinin sağ qalması və 1992-ci ildə rayonumuza pənah gətirməsindən bəhs edib.
Sabirabad rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Eldar Urufov Xocalı Soyqırımı haqqında geniş məlumat verdi. Qeyd olundu ki, bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı Soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verildiyi, dünyanın bir sıra ölkələrinin, beynəlxalq təşkilatların, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanının Ermənistanı işğalçı dövlət kimi tanıdığı vurğulanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Xocalıya ədalət" kampaniyasının bütün dünyanı əhatə etdiyi qeyd edilib.
Tədbirin sonunda "Xocalı 26 fevral" qısametrajlı film izlənilib və Mərkəzdə təşkil olunan Xocalı Soyqırımına həsr olunan sərgiyə baxış keçirilib.