Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sabirabadda növbəti ağacəkmə aksiyası keçirilmişdir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ilə ölkəmizin bütün bölgələrində olduğu kimi Sabirabad rayonunda da ağacəkmə aksiyası davam etdirilir. Növbəti aksiya Sabirabad Rayon İcra Hakimiyyətinin və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Sabirabad şəhər mərkəzi stadionunun ərazisində keçirilən növbəti aksiyada 1000 ədəd həmişəyaşıl və dekorativ ağaclar əkilmiş, quruyan ağaclar yeniləri ilə əvəz edilmişdir. Ümumilikdə cari ildə Sabirabad rayonu ərazisində 20 minə yaxın ağac əkilmişdir. Hazırda ağacəkmə aksiyası davam etdirilir.