“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Sabirabadda gənclər arasında intellektual və idman yarışları keçirilib
“Səyyar Gənclər Xidməti” layihəsi imkanları ucqar kənd gəncləri üçün yaxın etməyə davam edir. Layihə çərçivəsində səfərlərin üçüncü dayanacağı Sabirabad rayonu olub. Layihə 20, 21 və 22 iyun 2022-ci il tarixlərdə Cavad, Qaratəpə və Qaraağac kəndləri üzrə 400-dən çox gənci əhatə edib.
Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır. Bu məqsədlə müxtəlif dövlət qurumları və özəl təşkilatlar tərəfindən gənclər üçün təqdimatlar keçirilib, gənclərin proqramlara yerindəcə cəlb olunması təmin edilib.
Layihənin əsasında həmçinin gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsi dayanır. Bu xüsusda, gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən layihənin bu il üzrə Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulur.