“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli memarlıq irsimiz: tarixdən gələcəyə” mövzusunda Sabirabad rayonunda tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 avqust 2026-cı il tarixdə Güdəcühür kəndində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli memarlıq irsimiz: tarixdən gələcəyə” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, mədəniyyət işçiləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Azərbaycanın zəngin tarixi-memarlıq irsinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən milli memarlıq irsinin mühafizəsinə xüsusi diqqət yetirilib. Bu siyasət bu gün də uğurla davam etdirilir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri, tarixi və dini abidələrin bərpası dövlətimizin milli-mədəni irsə həssas münasibətinin bariz nümunəsi kimi qiymətləndirilib.
Həmçinin bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində tarixi və dini abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu təşəbbüslər milli memarlıq irsinin qorunmasına, təbliğinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, Azərbaycanın ictimai-siyasi, mədəni və tarixi inkişafında göstərdiyi misilsiz xidmətləri əks etdirən nəşrlər, eləcə də müxtəlif mövzularda kitablar nümayiş olunub, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxışkeçirilib.
Konsert proqramı ilə davam edən tədbirdə yerli müğənnilərin ifasında səsləndirilən şən və ruh yüksəkliyi yaradan musiqi nömrələri, Sabirabad rayonunun Əhmədabad kənd Folklor evinin “Axısxa Halay-Türk” folklor rəqs kollektivinin təqdim etdiyi rəngarəng və dinamik rəqs nömrələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.







