Sabirabadda Yeni Azərbaycan Partiyasın rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, filologiya elmləri namizədi, Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist – Səyyad Aran (Salahlı), Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Tofiq Cahangirov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Partiya veteranları, ərazi partiya təşkilat sədrləri, sədr müavinləri və partiya fəalları iştirak edirdilər.
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illik yubiley tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və partiyanın ötən müddət ərzində vəfat etmiş üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirə sədrlik edən YAP Sabiradad rayon təşkilatının sədri Varis Rüstəmov çıxışında tədbir iştirakçılarını yubley münasibətilə təbrik edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Naxçıvanda təsis olunduqdan sonra, partiyanın yerlərdə təşkilatlanma çağırışına Sabirabad rayonu ilk səs verənlərdən oldu. Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Respublikada ikinci rayon oldu ki, 16 yanvar 1993-cü il tarixdə 256 nəfər YAP üzvü ilə öz təsis konfransını keçirtdi. Bu təsis konfransdan dərhal sonra rayon əhalisinin partiya sıralarına üzv olmaq axını başlandı. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası rayon təşkilatının nəzdində YAP üzvlərinin sayı 256 nəfərdən 2280 nəfərə qədər artdı. Partiyanın qısa müddətdə bu boy artımı Sabirabad əhalisinin Ulu Öndər Heydər Əliyevə olan böyük inam və sevgisindən irəli gəlirdi. Daha sonra natiq öz çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması şərəfinə bu il “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanmışdır. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüzün önündədir. Bugünkü Azərbaycanın reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi isə bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək YAP rayon təşkilatının keçdiyi yola nəzər saldı. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoyduğunu bildirdi. Partiyanın rayon təşkilatının üzvlərinə uğurlar arzulayan Həsən Həsənov yubleyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.
Çıxışına təbrik nitqi ilə başlayan Partiya Veteranı, Azərbaycanın ictimai-siyasi xadimi, filologiya elmləri namizədi Səyyad Aran partiyanın yarandığı şəraiti təhlil etdi. Partiyanın rayon təşkilatının üzvlərini ötən dövr ərzində dövlətə sədaqət və sadiqlik nümunəsi yaratdıqlarını bildirdi. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin siyasi sisteminin inkişafındakı töhfələrindən, xalqımızın xoşbəxtliyi naminə həyata keçirdikləri layihələrdən söz açdı. Natiq çıxışının sonunda YAP rayon təşkilatının üzvlərinə uğurlar arzuladı.
Daha sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov çıxış edərək qeyd etdi ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı var. Dövlətə, xalqa xidmət etmək Partiyanın fəaliyyətinin ana xəttini təşkil edir. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs və qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir.
Partiya veteranları və tədbir iştirakçılarından Məhərrəm Məhərrəmov, Fəzail Cəfərov, Gülnar Hüseynova, Nadir Quliyev və Fatma Hüseynova çıxış edərək YAP rayon təşkilatının keçdiyi fəaliyyət yolu barədə xatirələrini bölüşdülər. Partiyanın rayon təşkilatının tədbirləri və gələcəkdə bu istiqamətdə görüləcək işlərdən söz açdılar. Çıxış edənlər tədbir iştirakçılarını yubley münasibəti ilə təbrik etdilər.
Tədirin sonunda Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təsis edilməsinin 30-illiyi ilə əlaqədar rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya veteranı və fəallar Fəxri Fərmanla təltif olundular.
Tədbir Ulu öndər Heydər Əliyevin Sabirabad rayonuna səfərləri zamanı rayon əhalisinə etdiyi müraciətləri ilə nümayiş olunan videoçarxla və iştirakçıların alqış sədası ilə sona çatdı.