Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində əlilliyi olan şəxslərin iştirakı ilə “Yaşıl çərşənbə” inklüziv festivalı keçirilib

12 mart 2024 | 17:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Mədəniyyət Nazirliyinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabadda inklüziv festival keçirilib.

"Yaşıl Çərşənbə" inklüziv festivalında rayon ictimaiyyəti, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, əlilliyi olan digər şəxslər və Agentlik tərəfindən səyyar sosial-məişət xidməti göstərilən ahıllar iştirak ediblər.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov iştirakçıları yel çərşənbəsi münasibətilə təbrik edib. Qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" kim qeyd olunur. Bu il çərçivəsində ölkə ərazisində bir sıra tədbirlər təşkil edilir və əlilliyi olan şəxslər də bu tədbirlərə cəlb olunur.

İnklüziv tədbirlərin təşkili də məhz bu kateqoriyadan olan vətəndaşlarımıza göstərilən qayğının təzahürüdür və onların sosial reabilitasiyasına xidmət edir.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı rayonda əlilliyi olan şəxslərlə bağlı görülən işlərdən danışıblar. Qeyd olunub ki, onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında səmərəli iştirakı üçün mütəmadi tədbirlər görülür.

Sabirabad Rayon Mədəniyyət Mərkəzində təşkil edilən “Yaşıl çərşənbə” adlı festival çərçivəsində Novruz bayramına aid milli adət-ənənələrimizi əks etdirən nümunələrə baxış keçirilib. Sonra qonaqlar, muzey eksponatları, həmçinin əlilliyi olan şəxslərin və rayonun yaradıcı şəxslərinin əl işlərinin və rəsmlərin nümayiş olunduğu sərgilərlə tanış olublar.

Festivalda Agentliyin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin yetirmələri və hazırda orada peşə öyrənən gənclər də hazırladıqları əl işlərini (tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, rəssamlıq və s.) nümayiş etdiriblər.

Tədbirdə əlilliyi olan şəxslərin, şəhid övladlarının, 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin və xanəndələrin ifasında musiqi və rəqs nümunələri təqdim edilib.

Sonda iştirakçılar təşəkkürnamələrlə mükafatlandırılıblar.

Keçidlər