Sabirabadda Ulu Öndərin adını daşıyan Heydər Parkında mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert təşkil olunub
Sabirabad Rayon İcra Hakimiyyətinin, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH əməkdaşları, YAP Sabirabad rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.
Heydər Parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayonumuzun tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən bayram konserti sabirabadlılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Sonadək izdihamla müşayiət olunan konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr onlara ərməğan olunub.
Tədbirdə kollec tələbələri tərəfindən fləşmob nümayiş olunub. Fləşmobda “Heydər Əliyev 100” yazısını və Ulu Öndərin imzasını əks etdirən kompozisiyalar yaradılıb.
Sonda Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyətinin hazırladığı konsert proqramı ilə davam edib.