Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib

31 avqust 2022 | 14:45

Sabirabad şəhəri Heydər Əliyev adına parkda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlət Agentliyinin təşkilatçılığı ilə toxum sərgi-satış yarmarkası keçirilmişdir. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak etmişlər.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, ölkəmizdə taxılçılığın intensiv metodlarla inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İri fermer təsərrüfatlarında tətbiq olunan müasir metodlar ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca rol oynayır. İri taxılçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq əldə edilir ki, bu da idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Sabirabadda toxum sərgi-satış yarmarkasının keçirilməsi rayon fermerləri üçün olduqca əhəmiyyətlidir. Rayonun fermerləri dövlətimizin dəstəyindən yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə sanballı töhfələr verir, intensiv texnologiyaların tətbiq edilməsi sayəsində taxıl və digər kənd təsərrüfatı məhsulları istehsalını ildən-ilə artırırlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlət Agentliyinin sədri Mirzə Əliyev çıxış edərək vurğulamışdır ki, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətimizin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Kənd təsərrüfatının əsasını təşkil edən, strateji əhəmiyyət daşıyan taxılçılıq xüsusi önəm kəsb edir. Odur ki, bu sahənin inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Ölkə rəhbərimiz İlham Əliyev tərəfindən 2022-ci il iyulun 19-da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalanması da ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Natiq eyni zamanda bildirmişdir ki, toxum sərgi-satış yarmarkalarının keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “Seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin peal qarşılıqlı əlaqələrinin qurulması, işgüzar və səmərəli keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Yarmarkada həmçinin əkin materialı kimi sertifikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu və digər mövzularda kənd təsərrüfatı mütəxəssisləri tərəfindən fikir mübadiləsi aparılmışdır.

“Agro Dairy” MMC-nin kənd təsərrüfatı müşaviri, “Əməkdar kənd təsərrüfatı işçisi”, əslən Sabirabad rayonunun Yolçubəyli kəndindən olan Məmmədzadə Nəbiyev deyir:
- Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlardan və onların yüksək kondisiyalı toxumlarından istifadə edilməsi aqrar bölmənin rəqabətə davamlılığının və ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca şərtdir. Sortların yaradılması və toxumçuluq genetika və seleksiya sahəsində aparılan tədqiqatlar əsas şərtdir. Eyni zamanda sortların rayonlaşdırılması, toxumun sertifikatlaşdırılması və onun dövriyəsi üzərində ciddi dövlət nəzarəti olmadan bu sahədə əhəmiyyətli nəticələr əldə etmək mümkün deyildir. Əsas strateji məqsəd ölkəmizin ərzaq təklükəsizliyinin təmin edilməsinə, milli toxumçuluğun inkişafına, xaricdən toxum asılılığını azaltmağa, daxili toxum bazarındakı mövcud boşluqların aradan qaldırılmasına töhfə verməkdir. Şirkətimiz 2018-ci ildən etibarən toxumçuluq sahəsində ölkəmizdə kənd təsərrüfatının inkişafına öz müasir və yenilikçi ideyalarını verməyə və onları iş prosesində tətbiq etməyə çalışır.

Keçidlər