Sabirabadda "Son zəng" qeyd olundu
Respublikamızın bütün guşələrində olduğu kimi Sabirabad rayonunda da tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirildi.
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, şəhid ailələri, qazilər, müəllim və şagird kolektivi N.Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki təmayüllü məktəbin “Son zəng” tədbirində iştirak etdilər. Tədbir dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edildi.
Tədbiri məktəbin direktoru Elşad Şərifov giriş sözü ilə açaraq məzunları təbrik etdi və təhsil ocağının uğurlarından geniş məlumat verdi. Məktəbin məzunlarını ürəkdən salamlayaraq onlara qarşıdakı çətin sınaqlarda müvəffəqiyyətlər arzuladı.
Sonra məzunları bu xoş gün münasibəti ilə təbrik edən Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək qeyd etdi ki, məktəblərimizdə vətənpərvər övladların yetişdiyini, doğma yurdlarımızın Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun, vətənpərvər və qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunduğunu vurğulayaraq valideynləri, şagirdləri, müəllimləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edib.
Daha sonra Mil-Muğan Regional Təhsil idarəsinin rəsi Rəşad Musayev çıxış edərək qeyd etdi ki, ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur. Hər bir sahələrdə olduğu kimi təhsil sferasında da Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı daim hiss olunur. Sabirabad rayonun da bu sahəyə xüsusi önəm verildiyini, nəticədə şagirdlərin hər il yeni-yeni müvəffəqiyyətlərə imza atdığını dinləyicilərə çatdırmış, bir daha məzunlarımıza çətin sınaq yolunda uğurlar arzulamışdır.
Məktəb rəhbərliyi tərəfindən təhsildə fərqlənən müəllim və şagirdlərə fəxri diplomlar təqdim edilmişdir.
Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Birincilər məzunları təbrik etdi. "Son zəng" səsləndi. Sehirli "Bilik açarı"nı şagirdlərə verən məzunlar məktəbə əlvida dedilər.
“Son zəng” tədbirləri Sabirabad rayonunun bütün məktəblərində də keçirilmişdir. Tədbirlər məzunların hazırladıqları musiqi parçaları, rəqs nömrələri və mədəniyyət işçilərinin gənclərə hədiyyə etdikləri yeni musiqi nümunələrinin nümayişi ilə keçirilib.