Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin rayon mərhələsi keçirilib

14 aprel 2023 | 16:00

Sabirabad Olimpiya İdman Kompleksində Sabirabad Rayon İcra Hakimiyyətinin, Sabirabad rayon Gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon bölməsinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad sektorunun birgə təşkilatçılığı ilə tam orta məktəblərinin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin rayon mərhələsi keçirilib.

Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən tərtib edilmiş əsasnaməyə uyğun olaraq təşkil olunan yarış gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərbi və fiziki hazırlığının yüksəldilməsi, hərbi-idman oyunları vastəsilə gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin yarışın zona mərhələsində iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşıyıb. Rayon birinciliyində şəhər və kənd tam orta məktəblərin komandaları mübarizə aparıb. Tədbirin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, iştirakçı komandalara yarışın məqsədləri haqqında məlumat verilib.

Daha sonra komandalar sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq, mülki müdafiə hazırlığı və digər mərhələlər üzrə yarışıblar. Ən yüksək nəticə göstərən Çiçəkli kənd tam orta məktəbinin komandası 1-ci yeri tutaraq yarışın qalibi olub. M.Müşviq adına şəhər 4 nömrəli tam orta məktəbinin komandası 2-ci, H.Z.Tağıyev adına şəhər 6 nömrəli tam orta məktəbinin komandası isə 3-cü yeri tutub.

Yarışda yer tutan komandalar rayon Gənclər və idman idarəsi tərəfindən diplomlarla təltif olunublar.

1-ci yeri tutan Çiçəkli kənd tam orta məktəbinin komandası “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində rayonu təmsil etmək hüququ qazanıb.

Keçidlər