Sabirabadda “Muğanda kino günləri” layihəsi çərçivəsində filmlər nümayiş olunub
24 oktyabr 2024-cü il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Muğanda kino günləri” layihəsi çərçivəsində "Mən burdayam, ilahi" tammetrajlı bədii filmi, “Tənha insanın monoloqu” ortametrajli bədii filmi və “Atam, anam, bir də mən”, “Qırmızı”, ”Evsiz qalmış ay” qısametrajlı sənədli filmləri nümayiş olunub.
Tədbirdə Sabirabad RİH-nin məsul işçiləri, Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi, layihənin icraçı produseri İntiqam Hacılı, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Layihənin icraçı produseri İntiqam Hacılı çıxış edərək filmlər haqqında məlumat verib. Bildirib ki, filmlərin ssenarisi qəhrəman zabit və əsgər heyətinin 44 günlük Vətən Müharibəsində keçdiyi şərəfli döyüş yolundan bəhs edir.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Ceyran Xəlilova və digər çıxış edənlər 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, otuzillik erməni işğalına son qoyulmasından danışıblar. Bildirilib ki, şəhidlərin həyat və döyüş yolu haqqında filmləri nümayiş etdirməkdə məqsəd vətənpərvərliyin mənəvi dəyər olduğunu hər kəsə aşılamaq, bu dəyəri tərbiyə elementinə çevirmək, həmçinin gənc nəsildə vətənpərvərlik hisslərinin daha da artırılmasına nail olmaqdır.
Daha sonra filmlər nümayiş olunub. Nümayiş olunan filmlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanılıb.