Sabirabadda Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim edilib
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Təhsil idarəsinin inzibati binasında davam edən tədbirdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Eldar Orucov, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Regional Təhsil İdarəsinin əhatə etdiyi İmişli, Saatlı, Beyləqan və Sabirabad rayon təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə təhsil sistemi dünya standartlarına uyğun inkişaf etdirilmiş, bu sahədə islahatların daha da dərinləşməsi həyata keçirilmiş, ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son illər minlərlə məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Daha sonra Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Eldar Orucov çıxışında yeni idarəçilik sisteminin təhsilin inkişafı üçün nəzərdə tutulduğunu bildirib və qarşıda duran vəzifələri diqqətə çatdırıb. O, son illərdə təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi üçün görülən işlər barədə məlumat verib.
Eldar Orucov Rəşad Musayevi Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri təyin olunması münasibətilə təbrik edib, kollektivə fəaliyyətində uğurlar arzulayıb.
Sonda Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev qarşıda duran vəzifələrdən danışaraq, göstərilən yüksək etimadı doğrultmağa çalışacağını bildirib.