Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Mil-Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

06 sentyabr 2023 | 12:45

Sabirabad Heydər Əliyev Mərkəzində Mil-Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfransda Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlarda çalışan təhsil işçiləri iştirak ediblər. 

Konfransda “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər, təhsil sahəsində aparılan islahatlar, ümumi təhsil müəssisələrində həyata keçirilən layihələr, müxtəlif müsabiqələr və fənn olimpiadalarında qazanılmış uğurlar, buraxılış imtahanları və ali məktəblərə qəbul nəticələri, müəllimlərin sertifikatlaşdırılması, işə qəbul, direktor təyinatı, təhsil işçilərinin peşəkar inkişafı, nəzarət tədbirləri, təhsil müəssisələrində aparılan təmir-tikinti işləri və  digər məsələlərlə bağlı konfrans iştirakçılarına geniş məlumat verilib.

Tədbirdə çıxış edən Elm və təhsil nazirinin müavini Həsən Həsənli 2022–2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən etdiyini, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsilin bütün səviyyələri üzrə gələcək inkişaf üçün nəzərdə tutulan hədəf və məqsədlərin də yer aldığını bildirib. Çıxışının sonunda IV siniflərdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı aparılmış monitorinqlərdən danışan Həsən Həsənli konfrans iştirakçılarına yeni tədris ilində uğurlar arzulayıb.

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək bildirmişdir ki, Azərbaycanda təhsil islahatları bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlamışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasət, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu nəticəsində gələcək inkişafın güclü təməli yaranmışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan iqtisadi inkişaf tempinə görə regionda lider ölkəyə çevrilmiş, siyasi sabitlik və iqtisadi inkişaf təhsil sisteminin təşəkkülünə və islahatların aparılmasına da zəmin yaratmış, bu sahədə əsaslı nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, Heydər Əliyevin bütün islahat təşəbbüsləri İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfə vermişdir. Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır. Rayon rəhbəri çıxışının sonunda təhsil işçilərinə uğurlar arzu edib.

Hesabatla çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev region üzrə şagird nailiyyətləri, ali məktəblərə qəbul nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinin region üzrə nəticələri, məktəbdənkənar müəssisələrin qazandığı nailiyyətlər, təhsilin təşkili və idarəolunması üzrə statistik  məlumatlar, nəzarət tədbirləri çərçivəsində görülmüş işlər, həmçinin təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlərə toxunub.

Digər natiqlər çıxış edərək bildirmişlər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan təhsilini inkişaf etmiş dünya dövlətlərinin təhsil standartlarına cavab verən milli təhsil sistemi yaratmaq üçün mükəmməl bir islahat proqramının hazırlanmasına və həyata keçirilməsinə nail olmuşdur. Ulu Öndər tərəfindən əsası qoyulmuş bu möhtəşəm və uğurlu siyasət indi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır.

Konfrans bədii hissə ilə yekunlaşdırılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər