Sabirabadda "Korrupsiyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirmişdir
Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad Rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şura "Korrupsiyaya yox deyək" mövzusunda növbəti maarifləndirici tədbir keçirmişdir. Tədbirdə İctimai Şura üzvləri ilə yanaşı Mərkəzi Kitabxana Sektorunun işçiləri də iştirak etmişdirlər.
Tədbirdə çıxış edən İctimai Şuranın sədri Güləndam Səmədova qeyd etmişdir ki, korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir. Toplumun mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir. Həmçinin, Milli Fəaliyyət Planı ayrı-ayrı fəaliyyət istiqamətli qurumları korrupsiyaya qarşı mübarizə üsullarını birləşdirməyə xidmət edir.
Daha sonra çıxış edənlər bildirmişdir ki, sovet dönəmində Heydər Əliyevin korrupsiyaya qarşı mübarizə apardığını, heç kəsin SSRİ adlı dövlətdə dilə gətirə bilmədiyini Heydər Əliyev cəsarətlə əməli olaraq həyata keçirdiyini qeyd etmişdirlər. Heydər Əliyev ideyalarının davamçısı cənab Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi korrupsiyaya qarşı mübarizə sahəsində də Ümummilli Liderimizin əməllərini davam etdirir. Korrupsiyanın qarşısını almaq üçün mühüm addımlar atır.
Sonda fikir mübadiləsi aparılmışdır.