Sabirabadda Torpaq çərşənbəsi qeyd olunub
Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında "Torpaq çərşənbəsi" təntənəli şəkildə qeyd olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin, rayonda faəliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər heyəti və əməkdaşları, ümumtəhsil məktəblərinin müəllim kollektivi və şagirddləri, mədəniyyət işçiləri, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdə iştirak edənlər III Xonça festivalı çərçivəsində rayonun ümumtəhsil məktəblərinin bir-birindən fərqli formada hazırladıqları xonçalara, Novruz bayramına aid milli adət-ənənələrimizi əks etdirən nümunələrə, muzey eksponatlarına, rayonda sahibkarlıq fəaliyyəti göstərən təşkilatların hazırladıqları qida məhsullarından ibarət stendlərə baxış keçirib, eyni zamanda rayonun yaradıcı şəxslərinin əl işləri və rəsmlərinin nümayiş olunduğu sərgilərlə tanış olublar.
Tədbirdə həmçinin “Cəngavərlər” pəhləvanlar kollektivinin və güləşçilərin təqdimatında müxtəlif idman nümunələri təqdim olunub.
Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Təhsil İdarəsinin rəis müavini Rabil Şahbazov, “Əminlər” şirkətinin rəhbəri Məmməd Mənsimov çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını, rayon sakinlərini təbrik ediblər.
Çıxışlardan sonra III Xonça festivalı çərçivəsində rayonun ümumtəhsil məktəbləri tərəfindən nümayiş olunan üç ən yaxşı xonça təqdim edən məktəb seçilərək təltif olunub.
Tədbirin konsert hissəsində Sabirabad rayon Əhmədabad kənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Axısxa Halay-Türk Folklor” rəqs kollekivi müxtəlif rəqs nümunələri ilə çıxış edib, eyni zamanda Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdlərinin və rayonun incəsənət nümayəndələrinin təqdimatında bayram ab-havasını əks etdirən müxtəlif musiqi nömrələri səsləndirilib.