Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda dəyirmi masa keçirilib

21 iyun 2023 | 16:30

Sabirabad rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili üzrə şöbəsinin müdiri Müslüm Rzayev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, şəhid ataları Xanbala Əsgərov və Səfər Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Birinci Qarabağ müharibəsi qazisi İslam Aslanov, 44 günlük Vətən müharibəsi iştirakçısı Mehralı Muradov, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak edib.

Tədbiri giriş nitqi ilə Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə açıq elan etmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın erməni işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rəna Hacızadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyununda ölkəni dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, sülh və əmin-amanlığın bərpa edilməsi üçün düşmənlə atəşkəs əldə olunmasından bəhs etmişdir. Ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunmuş, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində vahid komandanlıq, nizami ordu yaradılmışdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin timsalında tədbir iştirakçılarını və xalqımızı bayram münasibətilə təbrik etmişdir.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu yaradılmışdır. Qeyd olunmuşdur ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində mənfur erməni tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmiş, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratmışlar.

Varis Rüstəmov, Faiq Hüseynov, İslam Aslanov, Xanbala Əsgərov, Mehralı Muradov, Məhəmməd Muradov, Səlmi Mehtiyeva çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə olunmuş uğurlardan danışaraq qeyd etmişlər ki, ordumuz hər birimizin iftixarı, xalqımızın qürur mənbəyidir. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bir daha vurğulanmışdır.

Keçidlər