Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Heydər Əliyev İli” çərçivəsində vətəndaşlar üçün ədliyyə fəaliyyəti ilə bağlı “Açıq qapı” günü - hüquqi yardım aksiyası keçirilib

27 yanvar 2023 | 18:00

Ədliyyə Nazirliyi tərəfindən Milli Məclislə birgə “Heydər Əliyev İli” çərçivəsində Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün ədliyyə fəaliyyəti ilə bağlı “Açıq qapı”  günü - hüquqi yardım aksiyası keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbirlərdə Ədliyyə nazirliyinin işçiləri tərəfindən ədliyyə sahəsində vətəndaşlara göstərilən hüquqi xidmətlər, o cümlədən insanların rahatlığı üçün tətbiq olunan rəqəmsal innovasiyalar barədə ətraflı məlumat verilib, milli qanunvericiliyin “e-qanun.az” elektron resursunun mobil tətbiqi, “Mobil notariat”, “Mobil əhali”, “Elektron məhkəmə”, “ƏN TEZ” xidmət konsepsiyası ilə bağlı təqdimatlar keçirilərək, onların mahiyyəti və ictimai əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda, nazirliyin aidiyyəti məsul şəxslərinin və Milli Məclisin deputatlarının, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə bölgə vətəndaşlarının, xüsusilə müharibə iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə, o cümlədən nazirliyin ayrı-ayrı istiqamətləri - icra, penitensiar, bələdiyyə fəaliyyəti ilə bağlı suallarına aydınlıq gətirilib, digər qayğıları ilə maraqlanılıb.

Tədbirlərə dəvət olunmuş Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı tərəfindən ödənişsiz hüquqi yardım aksiyası keçirilərək, vətəndaşlara zəruri hüquqi xidmətlər göstərilib.

Həmin gün Heydər Əliyev Mərkəzində yeni ailə həyatı quran gənclərin nikahının və yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli qeydiyyat mərasimləri keçirilib, onlara müvafiq şəhadətnamələr təqdim edilib.

Yeni ailə quranlar və körpələrin valideynləri bu günün onların həyatında xüsusilə əlamətdar olduğunu deyiblər. Bildirilib ki, “Heydər Əliyev İli”nə təsadüf edən nikahın və doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlar.

Keçidlər