Sabirabadda “Gənclər və Dövlət: İlham Əliyevin inamı ilə irəliləyirik” adlı konfrans keçirilib
24 dekabr 2024-cü ildə Sabirabad rayon Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü münasibətilə “Gənclər və Dövlət: İlham Əliyevin inamı ilə irəliləyirik” adlı konfrans keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Mədəniyyət idarəsinin rəis müavini Telman Əzimov, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları, gənclər və ictimaiyyətin nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbir iştirakçılarını salamlayaraq, rayon ictimaiyyəti adından ölkə başçısı, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edib və xoş arzularını bildirib. 90-cı illərin əvvəlllərində yenicə müstəqillik qazanan Azərbaycanın qarşısına çıxan çətinliklərdən, Ulu Öndərin xilaskarlıq missiyasından, dövlətimizin müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi tədbirlərdən, Azərbaycan xalqına bəxş etdiyi layiqli varis və dünya şöhrətli, nüfuzlu lider cənab İlham Əliyevin 21 illik çoxşaxəli fəaliyyətindən danışıb.
Daha sonra çıxış edənlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət başçısı ilə çiyin-çiyinə ölkəmizdə multikultural ənənələrə və milli-mənəvi dəyərlərə malik, tolerant cəmiyyətin formalaşdığının, Qarabağın tarixi torpaqlarımız olduğunun, Azərbaycan həqiqətlərinin beynəlxalq forumlar vasitəsilə dünyaya çatdırılmasındakı xidmətlərindən, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevin 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasını və ata vəsiyyətini yerinə yetirdiyini diqqətə çatdırıblar.
Sonda dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasəti, addım-addım qoyulan hədəflərə nail olmasını və son nəticədə torpaqlarımızın işğaldan azad olunmasını əks etdirən videoçarx nümayiş olunub.