Sabirabadda erkən evliliyə, qan qohumları arasında nikahlara qarşı hüquqi maarifləndirmə tədbiri keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə 03 iyul 2025-ci il tarixində Gənclər Evində rayon Polis şöbəsinin əməkdaşları, mərkəzin ekspert qrupunun üzvləri və icma sakinlərinin iştirakı ilə erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi, bu sahədə qanunvericiliyə edilən dəyişikliklər barədə əhalinin məlumatlandırılması məqsədilə tədbir keçirilib.
Tədbirdə çıxış edən ekspertlər qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması barədə məlumat veriblər. Müvafiq sahədə qanunvericiliyə edilən dəyişikliklərin cari ilin 1 iyul tarixindən qüvvəyə mindiyini iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirlərdə həmçinin erkən evlilik və qohum evliliklərin zərərlərindən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






