Sabirabadda daşınmaz tarix və mədəniyyət abidələrində turizm infrastrukturunun yaradılması və inkişafı ilə bağlı təkliflər irəli sürülmüşdür
"Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli 195 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2.6-cı “Tarix və mədəniyyət qoruqlarında və turizm məqsədləri üçün istifadə edilən daşınmaz tarix və mədəniyyət abidələrində turizm infrastrukturunun yaradılması və inkişafı” bəndinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə rayonda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov ölkəmiz müstəqillik qazandıqdan sonra abidələrə qayğı daha da artmış, bu istiqamətdə bir sıra layihələr həyata keçirilmişdir. Ulu öndərin hakimiyyətə qayıdışından sonra tarix və mədəniyyət abidələrinin qorunması və bərpası işlərinə xüsusi önəm verilmişdir. Ümummilli lider tarixi abidələr haqqında demişdir: “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”.
1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, tarixi abidələrin qorunması, tədqiqi və mühafizəsinin qanunvericilik qaydasında təsbit olunması bu sahədə həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişdir.
Bu gün dövlət qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılmış və təkliflər irəli sürülmüşdür.