Sabirabadda “Daş evlərin yuxusu” kitabının təqdimat mərasimi keçirilib
Sabirabad Gənclər Evində yazıçı-jurnalist, hərbi marşlar müəllifi Minəxanım Haqverdiyevanın qələmə aldığı “Daş evlərin yuxusu” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, müəllifin sabiq müəllimi, tarixçi Səyyad Nağıyev, fəlsəfə elmləri doktoru İradə Əlilli, ictimaiyyət nümayəndələri Faiq Hüseynov və Telman Qurbanov çıxış edərək əsərin məzmunu, ideya yükü və müəllifin ədəbi yoluna dair dəyərli fikirlərini bölüşüblər.
Tədbirdə şəhid ailələrinin iştirakı məclisə mənəvi dərinlik qatıb. Görüş zamanı Sabirabad Gənclər Evi tərəfindən Minəxanım Haqverdiyevaya təşəkkürnamə təqdim olunub.
Bədii hissədə Gənclər Eviminin könüllüləri – Abbasəli Cəfərzadə, Aytac Cəfərli və Fatimə Qasımlı müəllifə məxsus şeirləri səsləndirib, ifaları ilə təqdimata duyğusal rəng qatıblar.
Ədəbiyyata, şəhidlərimizin ruhuna və milli-mənəvi dəyərlərə ehtiramla keçən təqdimat həm duyğulu, həm də düşündürücü anlarla yadda qaldı.
Bu təqdimat bir daha sübut etdi ki, ədəbiyyat – yaddaşımızın səsi, qələmlər – zamanın yaddaş daşıyıcılarıdır.






