Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş keçirilib

16 aprel 2024 | 17:30

Tədbir Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyi, Mil-Muğan Regional Təhsil İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Xalq yazıçısı öncə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq tövsiyələri əsasında yaradılan “Hophopnamə” Kitab Mərkəzini ziyarət edib, ona Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sabirabad rayon Mədəniyyət Mərkəzində baş tutan görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, yazarlar, mədəniyyət işçiləri, regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, gənclər, müəllim və tələbələr iştirak ediblər.

Tədbirin aparıcısı Ağalar Ağammədov görkəmli yazıçı və tanınmış ictimai xadim Anarın çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov xalq yazıçısı Anarı və qonaqları salamlayaraq dövlətimizin, Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verməsindən, ədəbiyyatımızın - yazıçı və şairlərin xalqın şüurunda milli hissiyyatları oyatmaq kimi böyük xidmətindən danışaraq Anar müəllimin bu sahədəki xidmətinin əvəzsizliyini qeyd edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, nasir, tərcüməçi, dramaturq, şair Əyyub Qiyas, gənc şair, yazıçı, publisist, "525-ci qəzet"in Mədəniyyət şöbəsinin müdiri Nadir Yalçın çıxış edərək böyük həyat məktəbi, zəngin yaradıcılıq yolu keçən Anarın Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və təbliğində əvəzsiz xidmətlərindən söz açıblar, onun əsərlərinin xalqımızın mənəviyyatının zənginləşməsində, mədəni inkişafında, milli özünüdərkində mühüm rol oynadığını bildiriblər.

Çıxışçılar həmçinin “Günlərdən şeir” layihəsi çərçivəsində öz yaradıcılıqlarından müxtəlif şeirlər səsləndiriblər.

Təntənəli şəkildə qeyd olunan tədbirdə təşkil olunmuş musiqi proqramı da qonaqların və iştirakçıların zövqünü oxşayıb. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin ifasında “Sənə də qalmaz”, “Ala gözlüm”, “Aman Ayrılıq”, “Ay Laçın” mahnıları səsləndirilib.

Qarşılıqlı söhbət şəklində təşkil olunan tədbirdə Xalq yazıçısı Anar keçdiyi həyat yolundan, Ulu öndər Heydər Əliyevlə, eyni zamanda Şuşa şəhəri ilə bağlı ən zəngin xatirələrindən söhbət açıb, maraqlı məqamlara toxunub, ədəbiyyat, söz, sənət, mədəniyyət haqqında, həmçinin əsərləri və yaradıcılığı ilə bağlı sualları əhatəli şəkildə cavablandırıb.

Yazıçı maraqlı müzakirələrlə yaddaqalan görüşə görə təşkilatçılara təşəkkür edib, səslənən xoş fikirlərə görə minnətdarlığını bildirərək, eyni zamanda “Hophopnamə” Kitab Mərkəzinin yaradılmasının regionda mədəni mühitin canlanması istiqamətində atılan mühüm addım olduğunu da vurğulayıb.

Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək, dəvəti qəbul edib oxucularla görüşə gəldiyi üçün xalq yazıçısına təşəkkürünü bildirib.

Region sakinləri tərəfindən böyük maraqla qarşılanan görüş xoş əhval-ruhiyyə ilə başa çatıb, yazıçı ilə xatirə şəkilləri çəkdirilib.

Tədbirdən sonra xalq yazıçısı Anar yazıçı-şairə Nisə Bəyimin məzarını ziyarət edib, öz ehtiramını ifadə edib.

Keçidlər