Sabirabadda “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda seminar keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, YAP Sabirabad rayon təşkilatı və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda seminar keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov çıxışında bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Bu sahədə aparılan işlər bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir və biz tarixi ədaləti bərpa etmiş azad və suveren ölkənin vətəndaşları olaraq 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi qeyd edirik.
Sonra YAP Sabirabad rayon təşkilatının aparat rəhbəri Daşqın Şıxəliyev çıxış edərək bildirib ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir və həmçinin suverenliyimizin təminatçısıdır. Bu gün Azərbaycan öz xalqının humanizm ideyalarını, milli maraqlarını əsas tutaraq müstəqil şəkildə daxili və xarici siyasətini cəsarətlə həyata keçirir, suveren hüquqlarına uyğun olaraq bütün dünya ölkələri ilə münasibətlərini hüquqi müstəvidə quraraq qarşısına qoyduğu məqsədlərə doğru uğurla addımlayır, regionda lider dövlət kimi öz sözünü deyir.
Daha sonra Sabirabad rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Babaş Babaşov “Heydər Əliyev və Azərbaycan Respublkasının Konstitusiyası” mövzusunda da çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından və bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Konstitusuyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.






