Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir

07 sentyabr 2022 | 11:00

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev respublikanın ali məktəblərinə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.

Öncə tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar və xoşbəxtlik arzulayıb. Rayon rəhbəri bildirib ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gün də hiss olunmaqdadır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Dövlət başçısının təhsil sahəsinin inkişafı naminə atdığı addımlar, müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları bir daha onu sübut edir ki, bu gün təhsil sahəsinə qoyulan investisiya Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır. İcra başçısı təhsil sahəsinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun gördüyü işlərdən də söz açıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində respublikanın hər yerində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının inşası ilə bağlı görülən işlərdən danışıb.

Daha sonra Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları barədə məlumat verib və tələbələri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.

Tələbə adını qazanan məzunlar ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda tələbə gənclərə hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Keçidlər