Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir

05 sentyabr 2025 | 14:27

Sabirabad rayonunda 2025-ci ildə ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, rayon İcra Hakimiyyətinin məsul işçiləri, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis əvəzi Elçin Qiyasov, Mil-Muğan Regional Təhsil İdarəsinin rəis müavini Rabil Şahbazov, Sabirabad rayon Təhsil sektorunun müdiri Mircamal Həşimov, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Görüşdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar və xoşbəxtlik arzulayıb.

Daha sonra Mil-Muğan Regional Təhsil İdarəsinin rəis müavini Rabil Şahbazov çıxışında bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir.

Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını bildiriblər.

Sonda 2025-ci ildə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.

Keçidlər