Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib

05 iyun 2024 | 13:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildən etibarən hər ilin iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı münasibətilə rayonun su təsərrüfatı və meliorasiya işçiləri Sabirabad şəhərinin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinin ehtiramla yad ediblər.

Daha sonra peşə bayramları münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında meliorasiya və su təsərrüfatı işçilərinin bir qrupu ilə görüş keçirilmişdir.

Görüşdə RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək ilk öncə  meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə təbrik etmiş, işlərində onlara uğurlar arzu etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı böyük Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə də genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.

Çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya sahəsinin ilbəil inkişafından, müasirləşməsindən danışmış, fəaliyyətlərinə verilmiş yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Sonra fəaliyyətlərində fərqlənən bir qrup işçi rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanlarları ilə təltif olunmuşdur.

Keçidlər