Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “28 May – Müstəqillik Günü” münasibəti ilə tədbir keçirilib

26 may 2023 | 12:28

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “28 May - Müstəqillik Günü” münasibətilə tədbir keçirilmişdir. Bayraq Museyində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Sabirabad rayon təşkilatının fəal üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İlk öncə tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyəti başçısının birinci müavini Həsən Həsənov bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. Natiq həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İli elan olunmuş və Azərbaycan Xalq Cumhuriyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. 44 günlük Vətən müharbəsində əldə etdiyimiz tarixi Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu qeyd edən natiq Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” ifadəsi ilə çıxışını yekunlaşdırmışdır.

Sonra Sabirabad Rayon Təhsil Sektorunun müdiri Pəhlivan Qarayev çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətindən, o cümlədən, dövlət və ordu quruculuğundan, aparılan sosial, siyasi və təhsil islahatlarından danışaraq bildirmişdir ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edir. Natiq, bu gün xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda əsl qəhrəmanlıq və dəyanət nümayiş etdirdiyini vurğuladı.

Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov, Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə 28 May - Müstəqillik Günü ilə bağlı fikirlərini bölüşmüşdürlər.

Tədbirin sonunda xatirə şəkili çəkilmişdir.

Keçidlər