Sabirabadda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir
20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Sabirabad rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Şəhidlər Xiyabanı”nda anım tədbiri keçirilmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, ziyalılar, din xadimləri, ictimaiyyətin və gənclərin nümayəndələri, təhsil və mədəniyyət müəssisələrinin əmək kollektivləri xiyabanı ziyarət etmiş və şəhidlərə öz ehtiramlarını bildirmişlər.
Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 20 Yanvar faciəsində həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş fotosərgi keçirilib. Sərgidə 20 Yanvar şəhidləri və həmin dövrdə baş vermiş hadisələrlə bağlı fotolar nümayiş olunub.
Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və avtomobillərdən səs siqnalları verilmişdir.