Sabirabadda 2 iyul - Polis işçilərinin peşə bayramı günü qeyd edilib
Sabirabad rayonunda 2 iyul Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək ona hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi Şəhidlər Xiyabanında anılıb.
Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə keçirilən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək rayon Polis şöbəsinin şəxsi heyətini bayram münasibətilə təbrik edərək bildirib ki, hazırda ölkəmizi böyük uğurlara və davamlı tərəqiyyə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. Diqətə çatdırılıb ki, 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Sabirabad rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov Azərbaycan polisinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan söz açmışdır. Bildirmişdir ki, polis şöbəsinin əməkdaşları rayonda ictimai-siyasi asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətlər göstərmişlər.
Sonda xidmətində fərqlənən bir qrup polis əməkdaşları Sabirabad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.