Sabirabadda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ümumrayon tədbiri keçirilib
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı, “Əminlər” şirkətinin dəstəyi ilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatının, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivi, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirildiyini qeyd edib, gənclərin ölkənin ictimai və mədəni həyatında fəallığının dövlətin inkişafına töhfə verdiyini diqqətə çatdırıb və onlara uğurlar arzulayıb.
Daha sonra YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Elçin Qiyasov çıxışlarında Ulu Öndərin gənclərə göstərdiyi xüsusi qayğını vurğulayıb, həyata keçirilən gənclər proqramlarının gənc nəslin dünyagörüşünün və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildiriblər.
Tədbir çərçivəsində regionun ictimai-mədəni həyatında fərqlənən bir qrup gənc fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunublar.
Təltifetmə mərasimindən sonra bu əlamətdar gün münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə təqdim olunan konsert proqramı ilə davam edib. Proqramda vətənpərvərlik ruhunda musiqilər ifa olunub, rəqs nümunələri nümayiş olunub.
Tədbirin sonunda xatirə şəkili çəkilib.






