Sabirabadda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünyanı qorumaq” mövzusunda maarifləndirici tədbir keçirildi
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad rayon Telekommunikasiya Qovşağında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünyanı qorumaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir və onun ilkin vəziyyətinin bərpası barədə məlumat verdi.
Mövzu ətrafında rayonun poçt və telekommunikasiya sahəsində çalışan işçilərin çıxışları dinlənildi. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.