Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
19 yanvar 2026-cı il tarixdə Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, AYB üzvü, yazıçı Rəqibə Qəvvas, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, məktəblilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə muzeyin 20 Yanvar faciəsinə həsr olunmuş guşəsi ilə tanış olub, burada nümayiş etdirilən fotoşəkillər və arxiv sənədləri barədə məlumatlandırılıblar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Rəsmi hissədə çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev bu hadisəyə ilk siyasi-hüquqi qiymət verərək 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş cinayət kimi dünya ictimaiyyətinə çatdırıb, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıb.
Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və qətiyyətli siyasət nəticəsində Azərbaycan güclü dövlətə çevrilib, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə 20 Yanvar şəhidlərinin azadlıq və müstəqillik amalının məntiqi davamı olub. Bildirilib ki, bu Qələbə xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və şəhidlərimizin ruhu qarşısında yerinə yetirilmiş müqəddəs borcun təzahürüdür.
Tədbirin bədii hissəsində məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub, faciəyə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda 20 Yanvar faciəsinə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.






