Sabirabad rayonunun bütün ümumtəhsil müəssisələrində “Bilik günü” münasibəti ilə tədbirlər keçirilmişdir
15 sentyabr 2025-ci il tarixdə “Bilik günü” münasibəti ilə Sabirabad rayonu ərazisində yerləşən bütün ümumtəhsil müəssisələrində tədbirlər keçirilmişdir.
Tədbirlərdə iştirak edən Sabirabad Rayon İcra Hakimiyyətinin başcısı Siraqəddin Cabbarov, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayonun idarə və müəssisələrinin məsul işçiləri şagird və müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edərək uğurlar arzulamışlar.
Natiqlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin Ulu Öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarı olduğunu vurğulamışlar.
Ötən tədris ili də Sabirabad rayonu üçün uğurlu olmuşdur. 2024-2025-ci tədris ilində Sabirabad rayonu üzrə orta məktəbi bitirmiş 1692 nəfər məzundan 741 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 455 nəfəri ali məktəblərə qəbul olmuşdur. Bunlardan 20 nəfəri 600-dən, 50 nəfəri isə 500-dən yuxarı, 91 nəfər 400-dən yuxarı, 154 nəfər 300-dən yuxarı, 140 nəfər 200-dən yuxarı bal toplamışdır. Fərəhləndirici haldır ki, bu rəqəmlər ilbəil artır.
Yeni tədris ilində Sabirabad rayonunun ümumtəhsil məktəblərinə 2145 nəfər birinci sinfə qəbul olunmuşdur. “İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.







