Sabirabad rayonunda “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib
Sabirabad rayonu Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi keçirilib. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayonlar üzrə təhsil sektorunun müdirləri və ictimayyətin nümayəndələri iştirak ediblər.
“Zəkaların mübarizəsi” olimpiadası Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində təhsil alan IX-XI sinif şagirdləri arasında keçirilir.
Tədbirin əvvəlində Ümümmilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Olimpiadanın keçirilməsində məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı şagirdləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
Olimpiada regional və respublika mərhələsi olmaqla iki hissədən - bilik və şahmat üzrə yarışdan ibarətdir. Bilik yarışında şagirdlər riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla beş müxtəlif istiqamət üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışın regional mərhələsində Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından tərkibi 6 nəfərdən ibarət 1 komanda iştirak edib. Maraqlı və gərgin keçən yarışda Saatlı rayon komandası I yeri tutaraq paytaxt Bakıda keçiriləcək respublika mərhələsində Mil-Muğan Regional İdarəsini təmsil edəcək.
Olimpiadanın Respublika mərhələsində iştirak edən bütün iştirakçılara “İştirakçı” sertifikatı, qalib komandaların üzvlərinə diplomlar, medallar və hədiyyələr təqdim ediləcək.