Sabirabad rayonunda yerləşən N saylı hərbi hissədə bayram konserti keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Sabirabad rayonunda yerləşən N saylı hərbi hissədə bayram konserti keçirilmişdir. Tədbirdə öncə vətən uğrundan canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Keçirilən tədbirdə Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Hərbi Hissə komandiri mayor Fərəhim Eyvazov, Milli Məclisin deputatı Ramin Məmmədov, Sosialist əməyi qəhramanı, Prezident təqaüdçüsü Fatma Hüseynova, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Silahlı Qüvvələrin yaranması, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğundan və rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunmasından ətraflı məlumat vermişlər.
Daha sonra N saylı Hərbi Hissəyə göstərilən mənəvi dəstəyə görə təşkilatçılar Hərbi Hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən hazırlanmış müxtəlif musiqi nömrələri səsləndirilmiş, gənc əsgərlər rəqsə dəvət edilmişlər. Sonda Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrı tərəfindən “Bura Azərbaycandır” adlı vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.