Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

14 noyabr 2022 | 14:00

 

Sabirabad rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov qalib Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən bəhs edib. 30 il əvvəl ölkənin siyasi həyatına Yeni Azərbaycan Partiyasının daxil olması zərurət idi. Yeni Azərbaycan Partiyası bu zərurətin siyasi ifadəsi kimi yaradıldı. Yeni Azərbaycan Partiyasının yarandığı 1992-ci il noyabrın 21-i Azərbaycan tarixində ən əlamətdar və unudulmaz təqvimlərdən biridir. Yeni Azərbaycan Partiyası Vətənin, dövlətin son dərəcə ən ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb və Azərbaycanı bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb. Yeni Azərbaycan Partiyası sübut edib ki, sağlam təməllər üzərində qurulmuş demokratik prinsiplərə söykənən partiyadır.

Ötən 30 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yolun, əldə etdiyi nailiyyətlərin böyük quruculuq salnaməsi olduğunu diqqətə çatdıran Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov vurğulayıb ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyi naminə səy göstərir.

YAP Veteranlar Şurasının üzvü, professor, “91-lər”dən biri Məmməd Nəsirov bildirib ki, ötən 30 il həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngindir. Bu uğurların zirvəsində dayanan tarixi Zəfərimizi şərtləndirən amillər 30 ilin təhlili fonunda aydın şəkildə görünür. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov deyib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqda sabaha inam yaradıb, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirərək ölkənin inkişafına, tərəqqisinə yol açıb. Ulu Öndərin layiqli davamçısı, Prezident, partiyamızın Sədri İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın misilsiz xidmətləri var. Şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır.

Tədbirdə Sosialist Əməyi Qəhrəmanı, 1-ci dərəcəli “Əmək” ordeni mükafatçısı, Prezident təqaüdçüsü Fatma Hüseynova, partiya veteranı, ərazi partiya təşkilatı sədri Bəylər Heydərov, Milli Qəhrəman, şəhid Murad Mirzəyevin atası Telman Mirzəyev Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışıblar. Qeyd ediblər ki, qazanılan nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirir.

Sonda Sabirabad rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Keçidlər