Sabirabad rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” mövzusunda dəyirmi masa keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 08 aprel 2024-cü il tarixində Sabirabad Heydər Əliyev Mərkəzində rayonun idarə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, iccimaiyyətin və gənclərin nümayəndələrinin iştirakı ilə “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bununla bağlı Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş rayonda görüləcək işlərə dair Tədbirlər Planı barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Xüsusilə vurğulanıb ki, regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhvəsinin təqdir olunmasının bariz nümunəsidir. Bütün postsovet məkanında ilk dəfə olaraq bu mötəbər qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Bu eyni zamanda Beynəlxalq birliyin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə Sabirabad rayonu üzrə təltif edilən şəxslər təbrik edilmiş, onların rayonun sosial-iqtisadi inkişafında, ictimai-siyasi sahəsində göstərdikləri səmərəli fəaliyyətlərini, Ulu Öndər Heydər Əliyev irsini, ideologiyanı uğurla təbliğ etmələrini xüsusi vurğulandı. Təltif olunan Sabirabad rayon Ağsaqqallar Şurasının sədri Eyvaz Fərzəliyev və YAP Sabirabad rayon təşkilatı Dadaşbəyli kənd ilk partiya təşkilatının sədri Məhərrəm Məhərrəmov təltif olunmaları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.