Sabirabad rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda regional konfrans keçirilib
Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda regional konfrans keçirilib.
Sabirabad Gənclər Evində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin müdir müavini Ruslan Əsgərov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov, DQİDK-nın Mil-Muğan regional bölməsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, rayonun dini icma sədrləri və din xadimləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə yalnız hərbi gücümüzün deyil, həm də milli-mənəvi dəyərlərimizin təcəssümüdür. C. Bəhrəmovun sözlərinə görə, qələbəmiz sübut etdi ki, milli-mənəvi dəyərlər yalnız mənəvi sərvət deyil, həm də xalqımızın tarixi uğurlarına aparan qüdrətli gücdür.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov vurğulayıb ki, Azərbaycan xalqını qələbəyə aparan əsas amillərdən biri mənəvi dayanıqlılıq və milli kimliyə sadiqlik olub. Natiq diqqətə çatdırıb ki, Vətən müharibəsi xalqın birliyi və sədaqətinin sınağı idi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin müdir müavini Ruslan Əsgərov bildirib ki, Azərbaycan xalqı uzun illər işğalın ağrı-acısını yaşasa da, milli iradəsi onu Zəfərə aparan yolda möhkəm şəkildə birləşdirib. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt və azərbaycançılıq ideologiyasının Zəfərin ideoloji təməlini təşkil etməsindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi və düzgün siyasətinin qələbənin əldə edilməsində həlledici rol oynadığından bəhs edib.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi, Sabirabad şəhəri “Heydər” məscidinin imamı Ağakərim Sadıqov çıxışlarında vurğulayıblar ki, qələbədə xalqımızın milli-mənəvi dəyərlərə bağlılığı, vətənə sadiqliyi xüsusi əhəmiyyət daşıyıb.
Sonda Dövlət Komitəsi tərəfindən çəkilmiş “Həmişə bizimləsiniz” filmi nümayiş olunub.






