Sabirabad rayonunda ümumtəhsil müəssisələrində “Bilik günü” qeyd edilmişdir
15 sentyabr 2023-cü il tarixdə “Bilik günü” münasibəti ilə Sabirabad rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilmişdir.
Tədbirlərdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Heydər Əliyev Fondunun Heydər Əliyev irsinin tədbiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, RİH başçısının müavinləri, rayonun idarə və müəssisələrinin məsul işçiləri şagird və müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edərək uğurlar arzulamışlar. Natiqlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarı olduğunu vurğulamışlar.
Ötən tədris ili də Sabirabad rayonu üçün uğurlu olmuşdur. 2022-2023-cü tədris ilində Sabirabad rayonu üzrə orta məktəbi bitirmiş 1410 nəfər məzundan 627 nəfəri Ali məktəblərə sənəd vermiş, 380 nəfəri ali məktəblərə qəbul olmuşdur. Bunlardan 5 nəfəri 600-dən, 33 nəfəri isə 500-dən yüxarı bal toplamışdır. Fərəhləndirici haldır ki, bu rəqəmlər ilbəil artır. Yeni tədris ilində Sabirabad rayonu ümumtəhsil məktəblərinə 2355 nəfər birinci sinfə qəbul olunmuşdur.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı. Qeyd etmək lazımdır ki, ötən illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayon ərazisində bir neçə təhsil ocağı əsaslı təmir olunmuş, yeni tədris korpusları inşa edilərək istifadəyə verilmişdir. Belə ki, Əhmədağa Səmədov adına Narlıq kənd orta məktəbi Heydər Əliyev Fondu tərəfindən təmir edilərək istifadəyə verilmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.