Sabirabad rayonunda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Sabirabad rayonunda müxtəlif istiqamətlər üzrə Ümummilli Liderin həyat və fəaliyyətinə dair silsilə tədbirlər davam etdirilir.
Belə ki, 23 may 2023-cü il tarixdə Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabirabad rayon təşkilatının fəal üzvləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Sabirabad rayonu Şıx Salahlı kənd sakini, təqaüdçü Bəylər Heydərov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Sabirabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Güləndam Səmədova, N.Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin müəllimi Sevinc Məhərrəmova, H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəbin 9-cu sinif şagirdi Füruzə Bəşirzadə Ulu Öndər Heydər Əliyevlə bağlı fikirlərini bölüşmüşlər.
Tədbirin sonunda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqqədin Cabbarov qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.